Search

Fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin hesablanma qaydası.

Dövlət vergilərindən biri də fiziki şəxslərin gəlir vergisidir. VM 97-ci maddəsinə əsasən fiziki şəxslərin gəlirləri muzdlu işə aid olan gəlirlər və muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər olaraq iki yerə bölünür. Eyni zamanda VM 99-cu maddəsinə əsasən muzdlu işə aid olmayan gəlirlər isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər olaraq da iki yerə bölünür.


İndi isə fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərinin hesablanma qaydası və mikro sahibkarlıq subyektlərinin bununla bağlı güzəşti məsələsinə toxunacağıq.


VM 101.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu faəliyyətdən vergiyə cəlb olunan gəlirləri 20% -lə gəlir vergisinə cəlb olunur. Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən vergiyə cəlb olunan gəlirləri deyilərkən, gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxıldıqdan sonra qalan gəlir anlaşılmalıdır. VM 108-ci maddəsinə uyğun olaraq qeyd etmək lazımdır ki, fiziki şəxslərin sahibkarlıq faəliyyətindən əldə etdikləri gəlirdən bir başa bu gəlirin əldə olunmasına aid edilən xərclər və qanunla müəyyən olunmuş icbari ödənişlər çıxılır.


Nümunə:


Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir 150000 azn, gəlir əldə edilməsi ilə bağlı çəkilən xərclər isə 85000 azn-dir. Bu zaman öncə vergiyə cəlb olunan gəliri tapmalıyıq.


150000-85000=65000


İndi isə vergi məbləğini hesablayaq: 65000*20%=13000 Azn.

İndi isə mikro sahibkarlıq subyektlərinin gəlir vergisi ilə bağlı güzəştinə nəzər yetirək.


VM 102.1.30 maddəsində qeyd olunur ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75%-i gəlir vergisindən azaddır. İlk öncə onu qeyd edək ki, Nazirlər Kabinetinin 556 nömrəli qərarına əsasən işçi sayı 1-10 nəfər arası olan, illik gəliri isə 200000 Azn-ə qədər olan sahibkarlıq subyektləri mikro sahibkarlıq subyekti hesab olunur.


Nümunə:


3 nəfər işçisi olan fiziki şəxs 170000 sahibkarlıq fəaliyyətindən gəlir əldə etmişdir. Bu gəlirin əldə edilməsi ilə bağlı isə 82000 xərc çəkmişdir. Göründüyü kimi bəhs olunan fiziki şəxs mikro sahibkarlıq subyektiridir.

İlk öncə yenə gəlirdən xərc çıxırıq. 170000-82000=88000, 88000. Gəlirin 75%-i azad olduğu üçün 75%-ni çıxıb sonra vergini hesablayırıq. 88000*75%=66000, 88000-66000=22000, 22000*20%= 4400. Ödənilən vergi məbləği 4400 Azn-dir.


Rauf Pənahəliyev, Direktor


43 views