Search

Fiziki və hüquqi şəxslərin faiz gəlirlərinin vergiyə cəlb olunması arasındakı fərq.

VM 123 maddəsinə əsasən faiz gəlirləri 10% dərəcə ilə ödəmə mənbəyindən vergiyə (ÖMV) cəlb olunur. Lakin faiz gəlirlərinin vergiyə cəlb olunması məsələsində faizləri əldə edən şəxsin fiziki və ya hüquqi şəxs olması baxımından fərqlər üzə çıxır.


Bu məsələ əksini VM-nin 123.2-ci və 123.3-cü maddələrində tapmışdır. Həmin maddələrin fərqini iki nümunə əsasında izah edək.

Nümunə 1.


Fiziki şəxs il ərzində sahibkarlıq fəaliyyətindən 150.000 AZN gəlir əldə etmişdir. Bundan əlavə bu gəlirin əldə olunması ilə bağlı xərcləri 70.000 AZN-dir. Eyni zamanda fiziki şəxsin 20.000 AZN faiz gəlirləri olmuşdur ki, bundan da ÖMV (2000 AZN) tutulmuşdur.

Bu halda fiziki şəxsin gəlir vergisini hesablayaq. Bildiyimiz kimi fiziki şəxsin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirləri gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra 20% dərəcə ilə vergiyə cəlb olunur.

  • 150000-70000=80000

  • 80000*20%=16000

Faiz gəlirlərindən ÖMV tutulduğu üçün isə həmin gəlirlər bir daha vergiyə cəlb olunmur. Səbəb isə faizlərin sahibinin fiziki şəxs olmasıdır.

Əsas: VM 101.3, 123.2;

Nümunə 2.


Hüquqi şəxsin illik gəlirləri 150.000 AZN olmuşdur. Bu gəlirlərin əldə olunması ilə bağlı 70.000 AZN xərc çəkilmişdir. Bundan əlavə hüquqi şəxsin 20.000 AZN faiz gəlirləri olmuşdur və bundan ÖMV (2000 AZN) tutulmuşdur. Bu zaman hüquqi şəxsin mənfəət vergisini hesablayaq. Bildiyimiz kimi mənfəət vergisinin dərəcəsi 20%-dir. Vergiyə cəlb olunan mənfəət dedikdə isə ümumi gəlirlərdən gəlirin əldə olunması ilə bağlı xərcləri çıxdıqdan sonra qalan fərq nəzərdə tutulur.

  • 150000+20000=170000

  • 170000-70000=100000

  • 100000*20%=20000

  • 20000-2000=18000

Çünki VM 123.3 maddəsinə əsasən faiz gəlirlərinin sahibi mənfəəti vergiyə cəlb olunan hüquqi şəxsdirsə və həmin gəlirlərdən ÖMV tutulmuşdursa, bu zaman hüquqi şəxs verginin tutulduğu sənədi təqdim etməklə mənfəətdən hesablanan vergini ödənilən vergi məbləği qədər azalda bilər.


Əsas VM 104, 105, 123-cü maddələr.


Rauf Pənahəliyev, Direktor


132 views