Search

İş adamları anbar əməliyyatlarını ciddi nəzarətdə saxlamalıdır.

Azərbaycanda riskli vergi ödəyiciləri ilə bağlı yeni meyarlar təsdiqlənib. Həmin meyarlara əsasən iş adamları vergi xidməti ilə problem yaranmaması üçün anbar qalığını, ümumiyyətlə, anbarla bağlı əməliyyatları ciddi nəzarətdə saxlamalıdır.


Bundan sonra anbar qalığının mahiyyəti daha vacib məqama çevrilib. Bildiyimiz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə riskli vergi ödəyicisinin meyarları təsdiq edilmişdir. Bu meyarlar içərisində diqqət edilməli məqamdan biri də qərarın 3.1.2 maddəsidir.


Bu maddə aşağıdakı şəkildə verilmişdir:


3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).


Bəs vergi ödəyicisi bu meyarı qorumaq üçün nə etməlidir?


Bu meyar onu göstərir ki, vergi ödəyicisi artıq öz mühasibat uçotunda dəqiq olmalı, anbar uçotunu düzgün şəkildə aparmalıdır. Bunu aşağıdakı nümunə şəklində izah edək:


Tutaq ki, vergi ödəyicisinin ayın əvvəlinə anbarında 50 kub taxta olub. Eyni zamanda vergi ödəyicisi ay ərzində xaricdən 100 kub taxta idxal etmişdir. Bundan əlavə ölkədaxili alış zamanı da 30 kub taxta alınmışdır. Vergi ödəyicisinin ay ərzində təqdim etdiyi e-qaimələrə və sənədləşməyə əsasən 200 kub taxta satışı həyata keçirdiyi məlum olmuşdur. Bu zaman artıq bu vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunacaq.


Çünki 50 kub ( anbar qalığı) +100 kub (idxal) + 30 kub (ölkədaxili alış)= 180 kub taxta. Satış 200 kub-180 kub = 20 kub.


Göründüyü kimi vergi ödəyicisi 20 kub artıq satış göstərib. Bu o deməkdir ki, artıq bu vergi ödəyicisi anbarında olandan artıq həcmdə satış həyata keçirib və ya qeyri-rəsmi üsulla taxta əldə edib. Buna görə də bu hallarla qarşılaşmamaq üçün anbar uçotu dəqiq aparılmalıdır.


Rauf Pənahəliyev, Direktor


9 views