Search

İcarə üzrə ödəmə mənbəyindən vergi hesablanması zamanı diqqət edilməli məqamlar.

Vergi ödəyicilərinin, əsas da hüquqi şəxslərin qarşılaşdığı ən vacib məqamlardan biri icarə üzrə öhdəliyin tanınmasıdır. Burada diqqət edilməli məqamlardan biri icarə üzrə ödəmə mənbəyindən vergidir.


Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən icarə üzrə ödəmə mənbəyindən verginin dərəcəsi 14%-dir. Ancaq ilk diqqət edilməli məqam bu vergi növünün mənbədən tutulmasıdır. Yəni, burada qarşı tərəf gəliri əldə edənə qədər artıq vergi tutulmalıdır. Bu məqama görə də vergi ödəyiciləri icarə müqavilələri bağlayarkən və icarəyə hər hansı bir əmlakı, obyekti götürərkən iki məqama diqqət etməlidir.

Hər iki məqamı nümunələr əsasında izah edək, lakin nümunələrə keçməzdən əvvəl qeyd edək ki, ÖMV icarəyə verən fiziki şəxs olduğu halda yaranır.


Nümunə 1.


“A” MMC fərdi sahibkarla icarə razılaşması zamanı bir ofisi aylıq 2000 AZN-ə icarəyə götürür. Burada ilk öncə razılaşmada ona diqqət etmək lazımdır ki, əgər razılaşma 2000 AZN üzərindən aparılırsa, burada fərdi sahibkara 2000 AZN deyil 1720 AZN çatacaq.

  • İcarə haqqı: 2000 AZN;

  • Vergi məbləği: 2000*14%=280;

  • Sahibkara ödənilən pul: 2000-280 = 1720.

Nümunə 2.


“A” MMC fərdi sahibkarla icarə razılaşması zamanı bir ofisi aylıq 2000 AZN-ə icarəyə götürür, lakin bu zaman fərdi sahibkar tam olaraq 2000 AZN ödənilməsini tələb edir.

Bu zaman artıq icarə haqqı 2000 AZN deyil 2325.58 AZN qeyd edilməlidir. Çünki icarə haqqı elə bil məbləğ olmalıdır ki, biz həmin məbləğdən 14% vergini tutarkən sahibkara tam olaraq 2000 AZN ödəniş çatsın.

Əgər əməliyyata 100% üzərindən baxsaq, icarə haqqından 86% sahibkara, 14% isə vergiyə ödənilir. Faizi ədədlə ifadə etmək üçün onu 100-ə bölmək lazımdır. 86 %=0.86 İcarə haqqı qeyd olunacaq məbləği tapmaq üçün isə sahibkarın istədiyi məbləği 0.86-ya bölürük. 2000/0.86= 2325.58

  • İcarə haqqı: 2325.58

  • Vergi məbləği: 325.58

  • Sahibkara ödənilən məbləğ: 2000

Eyni zamanda sahibkarla aparılan razılaşmalara əsasən icarə müqaviləsi bağlanılan zaman müqavilənin hesablaşma qaydası və ödəmə hissələrində həm icarə haqqını,həm vergi məbləğini,həm də sahibkara ödənilən məbləği nümunələrdəki kimi dəqiq göstərmək tövsiyə olunur.


Əsas: VM 5, 99, 101. 2, 124-cü maddələr.


Rauf Pənahəliyev, Direktor


245 views