Search

Mühasib olmaq istəyənlər üçün 5 tövsiyə.

Bu yazımda mühasibatlıq sahəsinə maraq göstərənlər, özünü bu sahədə təkmilləşdirmək istəyən və gələcək karyeralarını sırf mühasibatlıq üzrə qurmaq istəyənlər üçün tövsiyə və mühasibatlığa giriş xarakterli 5 qaydanı sual-cavab formatında sizinlə bölüşürəm.


1. Haradan başlamalıyam? Bu sahədə ilk addımlarım nələrdən ibarət olmalıdır?


İlk tövsiyəm mühasibat uçotu üzrə istər fiziki formada, istərsə də onlayn formatda bir sıra ədəbiyyatla tanış olmağınız, bəzi dərslikləri vərəqləməyiniz, hər nə qədər qəliz gəlsə də, mühasibat uçotunun mahiyyəti, təyinatı, prinsipləri, hətta yaranma tarixi kimi mövzuların oxunması üzrə olacaqdır.


Mütaliə sonrası əldə edəcəyiniz məlumatlar – “Mən mühasib olacam!” - məqsədinizin də beyninizdə möhkəmlənməsinə kömək edəcəkdir. Ya da əksinə, bu ixtisasın heç də sizin üçün uyğun olmadığının fərqində olacaqsınız. Çünki əksəriyyət bu sahəni rahatlıqla tapılan işlər kateqoriyasına daxil edir və sırf bunun üçün mühasib olmağa qərar verir. Mühasib elanlarının çox olması bu sahənin asan olmasından yox, tələbatın yüksək olmasından, peşəkar və səriştəli kadr azlığından irəli gəlir.


2. Qısa zamanda ixtisaslaşmaq və nailiyyət əldə etmək mümkündürmü?


“Xeyr”,- cavabı verib sizləri ruhdan salmayacam və “bəli”,- cavabımın məqsədi də sizi ruhdan salmamaq üçün deyildir. Qısası - “bəli, mümkündür”. Nailiyyətin açarı isə sevgidə gizlidir. Rəqəmlərə olan sevgi. Kənardan hər nə qədər rutinlərdən ibarət bir sahə təəssüratı yaratsa da mühasibatıq öz daxilində kifayət qədər yaradıcı sahədir və işinizə sevgi ilə yanaşdıqda qısa zamanda nailiyyət əldə etməyiniz mümkündür.


3. Nə qədər oxumalıyıq? Nəzəri biliklər üçün bir hədd varmı?


Bu sahədə çalışmağa qərar verdiyiniz gündən etibarən hər gün oxumalı, hər gün öyrənməli, araşdırmalısınız. Yeniliklərdən xəbərdar olmaq üçün mühasibatlıq qruplarına üzv olun, kütləvi informasiya vasitələrini və müvafiq maliyyə portallarını (veb saytları) təqib edin.


Əsla öyrənmə tempinizi yavaşlatmayın.

4. Hansı proqramlar bu sahə üçün vacibdir?


Şirkətlər tərəfindən bir sıra maliyyə proqramları - SAP, Mikro, Logo, 1C və s. istifadə edilməkdədir. Ölkəmizdə isə ən populyar proqramlardan biri "1C" proqramıdır ki, bir çox yerli kurslarda öyrədilməkdədir.

Lakin yeni başlayanlar üçün “Excel” proqramını mütləq öyrənməyi və yaxşı şəkildə mənimsəməyi xüsusilə tövsiyə edirəm.

5. Təcrübə əldə etmək üçün nə etməliyəm?


"Şirkətlər təcrübə istəyir, lakin işə götürmürlər ki təcrübə əldə edək",- kimi etirazlar demək olar ki, karyera qurmaq istəyən hər bir gəncin dilindədir. Nə qədər haqlı görsənsələr də şirkətlərin mövqeyi daha anlaşılandır. İşə müraciət edənlər tərəfindən hər hansı bir aktivlik, fəaliyyət və bir sıra üstünlüklər olmalıdır ki, işə götürənlər onlar üçün təcrübə mühitini təmin etsinlər.


Şirkətlərə iş və ya təcrübə üçün müraciət etməzdən əvvəl yaxşı olardı ki, CV-nizi zənginləşdirəsiniz. Bunun üçün müvafiq mühasibatlıq kurslarında iştirak etməklə həm mühasibat uçotu üzrə fundamental bilikləri əldə etməyi, həm də sahə ilə əlaqəli proqramları öyrənmənizi tövsiyə edirəm. Əldə etdiyiniz bilik və bacarıqlarla CV-nizi təkmilləşdirdikdən sonra məqsədli şəkildə yazılmış və təcrübə istəyinizi aydın şəkildə izah edən məktubla şirkətlərə müraciət edə bilərsiniz.


Sonda xüsusilə bildirmək istərdim ki, başlanğıcda əsas məqsədiniz qazanc, yaxşı əmək haqqı və komfortlu iş mühiti olmamalıdır.

Bilik və bacarıqlarınızı artırmaq, mühasibatlıq sahəsini daha yaxşı qavramaq üçün ödənişsiz təcrübə proqramlarında və ya könüllü şəkildə müvafiq layihələrdə iştirak etmək daha məqsədə uyğun addım olacaqdır.


Rauf Pənahəliyev, Direktor


437 views