Search

Mikro Sahibkarlıq Subyektlərinin divident gəlirləri vergidən azaddırmı?

Nazirlər Kabinetinin 556 nömrəli qərarına əsasən aparılan sahibkarlıq subyektlərinin bölgüsünə uyğun olaraq 1-10 işçisi olan, illik gəliri 200 000 manatdan aşağı olan müəssisələr mikro sahibkar olaraq tanınır.


Həmin qərarda göstərilir ki, əgər bu iki şərtdən hər hansı biri pozularsa, bu zaman sahibkarlıq subyekti dəyişərək kiçik sahibkara çevrilir.

Mikro sahibkarlara edilən güzəştlərlə bağlı VM-də xeyli maddələr var. Lakin "VM"nin 102.122-1 və 106.10 maddələrində qeyd olunub ki, bu məcəllə ilə gəlir və xərclərin uçotunu aparan, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin divident gəlirləri (bu məcəllənin 106.10 –cu maddəsində isə hüquqi şəxslərin) vergidən azaddır. Maddələrdən göründüyü kimi burada mikro sahibkarlıq subyektindən söhbət getmir.


Misal 1.

Əgər hər hansı bir müəssisənin 11 nəfər işçisi olarsa, lakin illik gəliri 200 000-ə qədər olarsa, bu müəssisə artıq kiçik sahibkarlıq subyekti hesab olunur. Lakin müəssisə ƏDV qeydiyatında olmadığı üçün və müəssisənin illik gəliri 200 000-i keçmədiyi üçün həmin müəssisənin təsisçilərinin divident gəlirləri vergidən azad hesab olunur.


Misal 2.

Əgər hər hansı rezident müəssisənin 5 işçisi və illik gəliri 200 000-dək olduğu halda həmin müəssisə könüllü şəkildə ƏDV qeydiyyatına durubsa, həmin müəssisənin mikro sahibkarlıq subyekti olmasına baxmayaraq təsisçilərinin divident gəlirləri vergidən azad edilməyəcəkdir.


Əsas: NK 556 qərarı, VM 102.1.22-1, 106.10, 159 maddələr.


Rauf Pənahəliyev, Direktor


205 views