Search

Mühasibatlıq kursu seçərkən bilinməsi vacib olan 5 məsələ

Bu yazımda kurs seçimi edərkən çətinlik çəkənlərə, kurs axtaranlara sual-cavab formatında 5 tövsiyə xarakterli məlumatı çatdıracağam.

1. Kurs mütləq lazımdırmı? Nə üçün kurslarda iştirak etməliyəm?

Çağdaş dövrümüzdə işə qəbul zamanı işə götürənlər yalnız təhsil deyil, eyni zamanda əlavə fəallığları da dəyərləndirdikləri üçün iş axtaranlar arasında güclü rəqabət formalaşdığından əlavə təlimlərdə, konfranslarda, seminarlarda iştirak ön plana çəkilir. Çünki hər işə götürən aktiv, özünü inkişaf etdirən, yüksəltməyə çalışan şəxslərə daha çox üstünlük verir. Buna görə də əlavə təlimlərdə, konfranslarda, seminarlarda iştirak etmək sizin rəqabət şansınızı artıracaq.

2. Kurslardakı tədrisin fərqi nədir? Nə əldə edəcəyəm?


Natamam ali və ya ali təhsil zamanı konkret proqram əsasında müəyyən olunmuş dərsliklərdən istifadə edilir və daha çox nəzəri biliklərə üstünlük verilir. Bu nəzəri biliklərin iş həyatında tətbiq edilməsi çətinləşir. Kurslarda isə geniş proqramlar praktiki hissələr şəklində birbaşa tətbiqetmə üzərində keçirilir ki, bu tip təlimlər və metodlar gənclərin karyerasına daha effektiv təsir göstərir.

3. Kursların müddəti çox olur, vaxt çərçivəsinə sığmır. Bu zaman nə etməli?


Kurs müddəti ümumi götürəndə çox deyil, sadəcə olaraq, bəzən bizə elə gəlir ki, hər şeyi dar zaman çərçivəsində həll edib tez öyrənmək mümkündür. Bəzən düşünürük ki, 1-2 ay ərzində nələri isə öyrənib dərhal gəlir əldə edə bilərik. Bu əsla belə deyil. Böyük şirkətlər belə müəyyən gəlir üçün xeyli zaman sərf edir. Bilik daimi olaraq bu günə deyil gələcəyə investisiyadır. Buna görə də ilk növbədə tədrisin, biliyin, öyrənməyin arxasınca getməli, müəyyən müddət lazımi kurslarda iştirak etməli, sonra isə təkmilləşdirici seminarlarda iştirak etmək lazımdır. Hətta karyeramızın inkişaf mərhələsində belə biz daima öyrənməliyik.


4. Yaxşı kursu necə seçək?


Yaxşı kursu seçmək üçün öncə bütün kurslar haqqında kiçik ümumi məlumatlar əldə etməlisiniz. Daha sonra tədris edən şəxs haqqında, təhsili, iş təcrübəsi haqqında məlumatlar almalısınız. Sizə lazım olan mövzu və proqramları qərarlaşdırıb birbaşa təlimçinin özü ilə əlaqə yaratmağa çalışmalısınız. Çünki kurslarda qeydiyyatçıların verdiyi məlumatlar ümumidir. Sizə dəqiq, detallı məlumatı təlimçi verə bilər. Ən əsası bir neçə yerdə sınaq dərsində iştirak edib müqayisə aparmalısınız. Təlimçinin izahını, metodunu, üslubunu anlayıb-anlamadığınızı müəyyən etməlisiniz. Bəzən Təlimçi çox savadlı ola bilər, lakin sizə onu çatdıra bilməz, izah edə bilməz.


5. Kurslar arasında sertifikat fərqi varmı?

Kurslar hüquqi şəxs kimi dövlət qeydiyyatına alınır. Həmin müəssisələr də öz fəaliyyət sahələrinə uyğun olaraq sertifikatlar təqdim edə bilər. Bu sertifikatlar arasında xüsusi tanınma fərqi olmur. Xüsusi tanınma fərqi yalnız dövlət müəssisələri tərəfindən verilən sertifikatlar və beynəlxalq sertifikatlarda olur. Sadəcə kurslar sizin imtahan dərəcənizə uyğun olaraq sertifikatı müəyyən kateqoriyalar üzrə verə bilərlər.


Son olaraq qeyd etmək istərdim ki, kursları bitirdikdən sonra da daima üzərinizdə işləməli, yeni seminarlarda iştirak etməli, yeni məqalələr oxumalı, qanunvericilik üzrə dəyişiklikləri izləməlisiniz. Çünki öyrənməyin yaşı və zamanı olmur. Öyrənmək heç bir zaman bitmir. Daima sonsuzluq şəklində davam edir.

Rauf Pənahəliyev Direktor, Təlimçi Perfect Rate Consulting


153 views